Suriyada Rusiya ilə İran arasında gərginlik davam edir- bu dəfə yerli cavanları öz sıralarına qatmaq uğrunda - Məqalə

Suriyada Rusiya ilə İran arasında gərginlik davam edir- bu dəfə yerli cavanları öz sıralarına qatmaq uğrunda - Məqalə

GünAz TV: “Suriya İnsan Haqları Mərkəzi”nin verdiyi məlumata görə, İran və Rusiyanın suriyalı gəncləri öz silahlı qüvvələri və onlara bağlı silahlı qruplaşmalara “könüllü” kimi cəlb etmək uğrunda yeni mübarizə başlayıb. İki ölkə bunun üçün maddi və digər yardım növlərindən istifadə edir.

 

Mərkəzin bildirdiyinə görə, hər iki tərəf 8 ildir müharibədən, qırğınlardan, aclıq və səfalətdən əziyyət çəkən Suriya xalqında özlərinə qarşı müsbət fikir formalaşdırmaq üçün ölkənin bir çox yerlərində sivil əhaliyə humanitar yardım paylamaqla məşğuldur. Belə ki, son bir neçə gün ərzində Rusiya hərbçiləri öz sıralarına qatdıqları yerli “könüllülər” vasitəsi ilə Suriyanın islamçı və ekstremist qüvvələrin nəzarətində olan və döyüş getməyən əraziləri ilə həmsərhəd rayonlarında yerli əhaliyə və uşaqlara humanitar yardım və hədiyyələr paylayıb. Bunun qarşılığında isə İran hərbçiləri Fərat çayının qərb sahilində və Suriyanın cənub bölgələrində yaşayan əhaliyə “xeyriyyə məqsədi ilə” pulsuz yemək paylayıb. Bundan başqa, könüllülərin hər birinə 150 dollardan başlayaraq məvacib verib.

 

Fevralın 14-də Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin üçtərəfli görüşündən əvvəl Suriyada bu addımlar geniş vüsət alıb. Xüsusən də Suriyada döyüşən “Sepah” qüvvələri yerli əhaliyə maddi və humanitar yardımlar göstərmək, eləcə də onların çətin problemlərini həll etməklə yerli xalq arasında nüfuz qazanmağa çalışır.

 

Məlumatda həmçinin qeyd edilir ki, “Sepah” Suriyanın cənubunda müavinətlər ödəməklə, yerli əhalidən özlərinə “könüllü” əsgər cəlb edib. Bu “könüllülər”in sayın 2350 nəfərə çatır.

 

Digər tərəfdən, baxmayaraq ki, Rusiya İran hərbi qüvvələri və ona bağlı silahlı yaraqlıları Suriyanın liman bölgələrindən, Homs və Həmadan çıxarmaq, eləcə də onların İdlib və Hələbdə nüfuzunu azaltmağa çalışmaqla, iranlıları Suriyanın idarə edilməsində əsas rol oynayan bölgələrdən uzaqlaşdırmağa çalışır, lakin “Sepah” qüvvələri Dəra ətrafı bölgələrdə müşahidə edilib. Bununla belə, İrana bağlı hərbçilərin və yaraqlıların Suriyanın hərbi və dini bölgələrində sayı da artmaqdadır, bu isə öz növbəsində Rusiyanın İranın Suriyada dominatlığını azaltmaq istiqamətində səylərinə öz mənfi təsirini göstərir.

 

Mərkəz həmçinin “Sepah”a bağlı olan “Milli Müdafiə” adlı yaraqlı dəstənin 15 döyüşçüsünün son günlər ərzində Rusiya tərəfindən tutulduğunu da qeyd edib.

 

Bundan başqa, İran hərbçiləri və ona bağlı yaraqlılar bir tərəfdən, Suriya rejimi digər tərəfdən Əlməyadin bölgəsində icbari hərbi xidmət yaşına çatmış şəxsləri öz sıralarına cəlb etməyə başlayıb. İran hərbçiləri yerli cavanlara aylıq məcavid ödəməklə, yüzlərlə cavanı “könüllü” qismində öz sıralarına qatıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN