İranın Bircənd və Zahidan şəhərlərində daha 3 nəfər edam edilib

İranın Bircənd və Zahidan şəhərlərində daha 3 nəfər edam edilib

GünazTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılan daha 3 nəfər edam edilib. Edam edilənlərdən ikisi ata və oğuldur.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılan 50 yaşlı məhkum Şirməhəmməd Narui və onun 20 yaşlı oğlu Yunis Narui martın 11-i sübh saatlarında Cənubi Xorasan əyalətinin Bircənd şəhərinin zindanında dara çəkilib.

 

Həmçinin qətldə günahlandırılaraq ölümə məhkum edilmiş və barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə 8 gün əvvəl təkadamlıq kameraya köçürülmüş iki uşaq atası olan 33 yaşlı məhkum İbrahim Qorqic, martın 10-u sübh saatlarında Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin həbsxanasında dar ağacından asılıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN