Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir

GünAz TV: Xalq təqvimi ilə bu gün Novruz bayramının yaxınlaşmasından xəbər verən 3-cü - Yel çərşənbəsidir. İnanclara görə, Yel çərşənbəsinin gətirdiyi isti küləklər yazın gəlişini yaxınlaşdırır, təbiəti isindirir.


Ona xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" də deyilir. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.   


A Yel baba,
Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.


İnanclara görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət eldib Yel babanı çağırmalısan. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları tərpənsə, diləyin yerinə yetər. Əski inanclara görə, bu gün külək bütün dünyanı gəzərək oyanmış suyu və odu hərəkətə gətirir. Yel xalqımızın mifik təfəkküründə yol göstərən bələdçi rolunu da oynayır. Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq deməkdir. Qədim insanlar küləyin həm də Allah tərəfindən göndərildiyini iddia ediblər. Yəni o, insanları həm əzizləyə, həm də cəzalandıra bilər.
Yel çərşənbəsi günü də tonqallar qalanmalıdır.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN