Ettelaat Abbas Lisaninin oğluna iş yerini bağlamaqla bağlı təzyiq göstərir

Ettelaat Abbas Lisaninin oğluna iş yerini bağlamaqla bağlı təzyiq göstərir

GünAz TV: Ərdəbilin Ettelaat İdarəsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin ailə üzvlərinə qarşı təzyiqləri davam etdirir.

 

Məlumata görə, martın 11-də fəalın oğlu Əli Lisaniyə bir SMS göndərilib. Mesajda iş yerinin (qızıl məmulatlarının təmiri mağazası) möhürlənəcəyi bildirilərək ondan lisenziya məsələsi ilə bağlı Əsnaflar Palatasına müraciət etməsi tələb olunub.

 

 

Bundan əvvəl də Əli Lisani mağazasının Əsnaflar Palatası tərəfindən möhürlənəcəyi ilə təhdid edilmişdir.

Sonuncu dəfə 2018-ci il dekabrın 8-də xəbərdarlıq vərəqəsi göndərilərək ondan pozula bilən əşyaların mağazadan yığışdırılması tələb olunub. Bildirilib ki, yaxın zamanda mağaza möhürlənəcək və artıq mağazaya daxil olmaq mümkün olmayacaq.

Əli Lisani bir gün sonra dekabrın 9-da Əsnaflar Palatasına müraciət edərək mağazasının möhürlənəcəyi ilə bağlı göndərilən vərəqə və iş yerinə lisenziya verilməsi ilə əlaqədar yaranan problemlərin səbəbini soruşub. Ona bildirilib ki, Əsnaflar Palatasına görə mağazanın fəaliyyəti üçün lisenziya verilməsinə heç bir maneə yoxdur. Lakin bu məsələ ilə bağlı Ümumi Məkanlara Nəzarət edən İdarəyə (“Əmakin”) müraciət olunmalıdır. Bundan sonra Əli Lisani deyilən idarəyə müraciət edib və problemi anlatdıqdan sonra lisenziyanın verilməməsinə dair səbəblərin yazılı şəkildə açıqlanmasını istəyib. Lakin idarənin rəisi cənab Bidar ona rəsmi şəkildə cavab verməkdən imtina edərək, onlara mağazanın möhürlənməsi ilə bağlı göstəriş verildiyini bildirib.

 

Əli Lisani bundan əvvəlki təzyiqləri də nəzərə alaraq peşə fəaliyyəti ilə əlaqədar yaranan problemin Ettelaat İdarəsindən qaynaqlandığı qənaətinə gəlib.

 

Hətta ondan əvvəl də Əli Lisaninin Ərdəbilin Məcidiyyə bazarında yerləşən mağazasını bağlamaq istəmişdilər. Lakin azərbaycanlı fəal hər zaman iş yerinin bağlanmasına qarşı ciddi müqavimət göstərib.

 

Əlinin atası Abbas Lisani Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biridir, o Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, uzun illər həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində qiyabi məhkəmə hökmünə verdiyi etiraza baxıldığı zaman təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbil Etteelaat İdarəsinin təcrixanasına aparılıb. O hazırda Ərdəbil zindanının 8-ci korpusunda  müvvəqqəti olaraq saxlanılır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN